1 aprel 2021-ci il tarixindən 10 dekabr 2020-ci ildə Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb və məlum protokol qüvvəyə minib.
Bu protokolun qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsi ilə digərinin ölkəsinə 90 gün müddətlik vizasız turistik səyahət edə biləcək.
Şəxsiyyət vəsiqəsi ilə səyahət zamanı Azərbaycan vətəndaşlarının Türkiyəyə girişində, Türkiyə vətəndaşları isə Türkiyəni tərk edərkən onlara iki dildə "Giriş-Çıxış Forması" veriləcək ki, bu Formada giriş-çıxış ştampları qeyd olunacaq. Hər iki ölkə vətəndaşları həmin "Giriş-Çıxış Forması"nı Türkiyədə və Azərbaycanda olduqları müddətdə özləri ilə gəzdirməli və giriş-çıxış zamanı sərhəddə müvafiq səlahiyyətlilərə şəxsiyyət vəsiqəsi ilə birgə təqdim etməlidir.
Yeni nəsil şəxsiyyət vəsiqəsindən səyahət sənədi olaraq yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səyahətlərdə istifadə etmək mümkündür. Üçüncü ölkələrdən Türkiyəyə və ya Azərbaycana gələrkən pasport istifadəsi məcburidir.