Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli, 512 nömrəli Fərmanına əsasən yaradılmışdır.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində:
dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən,
uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində tənzimləmə və nəzarəti həyata keçirən,
mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidmətlər göstərən publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyət istiqamətləri
Agentlik müvafiq sahədə aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
sahənin inkişafını təmin etmək;
tənzimləmə və nəzarəti həyata keçirmək;
mülki hava limanlarının, aerodromların, helikopter meydançalarının və digər mülki aviasiya obyektlərinin fəaliyyətinə nəzarət etmək;
Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasına nəzarət məqsədilə zəruri tədbirlər görmək;
Azərbaycan Respublikasının hava məkanında uçuşların və aviasiya təhlükəsizliyinin idarə edilməsi sistemini təşkil etmək və onun fəaliyyətini təmin etmək;
aviasiya hadisələri və insidentlərinin qarşısını almaq, insanların həyat və sağlamlığına, əmlakına zərər vurulmasının qarşısını almaq və uçuşların təhlükəsizliyini daha səmərəli təşkil etmək;
ölkə hüdudlarında uçuşların təhlükəsizliyinə, aviasiya təhlükəsizliyinə, aviasiya texnikasının səmərəli istifadəsinə və istismarına nəzarət etmək;
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər üzrə fəaliyyət göstərmək.