Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi və Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğu Bakı-Dalaman-Bakı və Bakı-Bodrum-Bakı marşrutlarının iki ölkənin aviaşirkətlərinin müntəzəm uçuşları siyahısına daxil edilməsi barədə razılıq əldə etmişlər.
Beləliklə, ölkələrimiz ərazisindəki şəhərlər arasında icazə verilmiş müntəzəm sərnişin reyslərinin ümumi sayı həftədə 140-a çatmışdır.
Bu təklif Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında uçuş coğrafiyasının geninşləndirilməsi məqsədilə Agentlik tərəfindən irəli sürülmüşdür. Uçuş hüququ hər iki ölkənin bütün aviaşirkətlərinə şamil olunacaq və təyin olunmuş daşıyıcıların Bakı və Dalaman, eləcə də Bakı və Bodrum arasında müntəzəm reyslərinin təşkilinə imkan verəcək.
Bununla yanaşı, tələbat artacağı təqdirdə aviaşirkətlər Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında çarter reyslərini razılaşdıra və yerinə yetirə biləcəklər.