Nəşrlər

Xəbərlər

ICAO Assambleyasının 41-ci Sessiyası

Cari ilin 27 sentyabr-07 oktyabr tarixlərində Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Assambleyasının 41-cı Sessiyasının işində Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini Nazim Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Hər 3 ildən bir təşkilatın mənzil-qərargahında keçirilən sessiyaya bu il ICAO-ya üzv olan 193 dövlətdən 184-ü və 57 beynəlxalq təşkilat (ümumilikdə - 2573 nümayəndə) qatılmışdır.

Assambleyada 2023-2025-ci illər üçün Təşkilatın Şurasına üç kateqoriya üzrə keçirilən seçkilərdə Azərbaycan nümayəndə heyəti tərəfindən namizəd dövlətlərə səs verilmişdir. 41-ci sessiyada həmçinin Assambleyanın sədri vəzifəsinə Cənubi Afrika Respublikası Mülki Aviasiya İdarəsinin direktoru xanım Poppy Khoza seçilmişdir.

Sessiyanın gedişində müxtəlif komitələrdə mülki aviasiya sahəsində təhlükəsizliyin, o cümlədən emissiyaların azaldılmasının təmin edilməsi ilə bağlı yeni sənədlər qəbul edilmişdir. Belə ki, ICAO-ya üzv dövlətlər tərəfindən 2050-ci ilədək beynəlxalq aviasiyanın xalis sıfır karbon emissiyası üzrə arzuolunan uzunmüddətli qlobal kollektiv məqsəd (LTAG) qəbul olunmuşdur. LTAG-a nail olma CO2 emissiyasının ixtisarı üzrə bir neçə tədbirin (o cümlədən, yeni innovativ aviasiya texnologiyalarının sürətli tətbiqi, uçuşların rasionallaşdırılması, ekoloji təmiz aviasiya yanacağının (SAF) istehsal və tətbiqinin artırılması) ümumi effektindən asılı olacaq.

Azərbaycan nümayəndə heyəti plenar iclaslarda iştirakla yanaşı, digər dövlət və təşkilatların nümayəndələri ilə aşağıdakı ikitərəfli görüşlər keçirmişdir:

1. ICAO-nun Baş katibi X.K. Salazarla görüşdə 2022-ci ilin 1-8 iyun tarixlərində keçirilmiş ICVM auditi zamanı aşkarlanmış nöqsanların aradan qaldırılması məsələləri müzakirə edilmişdir. Baş katib Azərbaycan Respublikası rəhbərliyinin uçuşların təhlükəsizliyi məsələlərinə göstərdiyi diqqəti məmnunluqla qeyd edərək, ölkəmizin mülki aviasiya mütəxəssisləri üçün ICAO-nun Avropa və Şimali Atlantika Bürosu tərəfindən təlimlərin təşkilində sıx əməkdaşlığın zəruriliyini vurğulamışdır. Öz növbəsində, Azərbaycan Respublikası mülki aviasiya nümayəndə heyətinin rəhbəri nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər barədə məlumat verərək, növbəti tammiqyaslı audit zamanı DMAA-nın maksimal nəticə əldə etmək niyyətini təsdiq etmişdir. Görüşdə həmçinin sözügedən Büronun direktoru N.Rallo iştirak etmişdir.

2. ICAO Şurasının Prezidenti S. Şikitano ilə görüş zamanı “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında Aviasiya Təhlükəsizliyinin Təmin Edilməsi Sahəsində Universal Yoxlamalar Proqramı Çərçivəsində Davamlı Monitorinq Mexanizmi ilə əlaqədar Anlaşma Memorandumu”nun imzalanması, habelə Azərbaycan Respublikası mülki aviasiya mütəxəssislərinin Avropa Mülki Aviasiya Konfransının (ECAC) işçi qrup və seminarlarında daha fəal iştirakı məsələləri müzakirə olunmuşdur.

3. ICAO-nun Nəzarət üzrə Aeronaviqasiya İdarəsi direktorunun müavini D. Quindon ilə görüşdə audit zamanı aşkarlanmış nöqsanların aradan qaldırılması ilə yanaşı, DMAA-nın bu istiqamətdə görəcəyi tədbirlər və ICAO tərəfindən texniki yardımım təşkilinin mümkünlüyü ətraflı müzakirə edilmişdir.

4. Qətər nümayəndə heyətinin xahişi ilə Qətər Dövlətinin ICAO yanında nümayəndəliyində keçirilmiş görüşdə qarşı tərəf ICAO Şurasına 3-cü kateqoriya üzrə seçkilərdə Azərbaycan nümayəndə heyətindən dəstək istəmiş, Azərbaycan Respublikası həmçinin qarşı tərəfin mülki aviasiya sahəsində əməkdaşlığa dair təklifi ilə bağlı ölkəmizin mülki aviasiya mütəxəssisləri üçün təlimlərin keçirilməsində Qətərin Mülki Aviasiya Administrasiyası tərəfindən yardım göstərilməsi xahişini dilə gətirmişdir.