Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" beynəlxalq reytinq agentliyi tərəfindən “COVID-19” pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduzlu" reytinqə layiq görülən dünyada beşinci hava limanı oldu. Bu mükafat sərnişinləri və əməkdaşları koronavirus infeksiyasının yayılmasından qorumaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda görülmüş tədbirlərin səmərəliliyinin yüksək dəyərləndirilməsidir.
“Skytrax” agentliyinin auditi 2021-ci ilin mart ayında, “COVID-19” pandemiyası dövründə sərnişinlərin və personalın təhlükəsizliyini qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən tətbiq olunan 175-dən çox təhlükəsizlik protokolunun qiymətləndirilməsi məqsədilə keçirilib. Ən yüksək təhlükəsizlik reytinqi sərnişinlərə təhlükəsiz səyahət zəmanəti verməklə, onların uçuşlara olan inamının artması və hava nəqliyyatının fəaliyyətinin bərpası üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi beynəlxalq mülki aviasiya təşkilatlarının tövsiyələrinə uyğun olaraq təhlükəsizliyin təmin olunmasıan yönəlmiş növbəti nailiyyət münasibətilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivini təbrik edib.