2021-ci il mayın 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovla Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Bilal Haye arasında görüş keçirilmişdir. Görüş Pakistan tərəfinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə diplomatik kanallarla irəli sürdüyü təşəbbüsü ilə baş tutmuşdur.
Görüş əsnasında Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası mülki aviasiya sahəsində əməkdaşlıq, eləcə də onun inkişafı perspektivləri müzakirə olunmuşdur.
İqtisadi və sosial sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün iki ölkə arasında birbaşa hava əlaqəsinin təşkilinin zəruririliyini qeyd edən tərəflər bu istiqamətdə fəaliyyəti davam etdirmək barədə razılığa gəlmişlər.
Dostluq şəraitində keçən görüş zamanı mülki aviasiya sahəsi ilə bağlı digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.