2026 –ci il iyunun 1 – 4-də Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) birgə nümayəndə heyəti Sinqapurda rəsmi işgüzar səfərdə olub.
Səfər zamanı nümayəndə heyəti Sinqapur Mülki Aviasiya İdarəsi və Sinqapur Respublikasının Nəqliyyat Nazirliyi ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda mülki aviasiya sahəsində tətbiq olunan qabaqcıl mexanizmlər təqdim olunub, qarşılıqlı təcrübə və məlumat mübadiləsi aparılıb.
Müzakirələr zamanı Sinqapurun mülki aviasiya sistemində fəaliyyət göstərən ixtisaslaşmış departamentlərin (“ADPD”, “AEPD”, “C-UAS”) idarəetmə mexanizmləri, “Dizayn əsaslı təhlükəsizlik” yanaşması çərçivəsində mülki aviasiya obyektlərinin tikintisinə dövlət nəzarətinin təşkili, eləcə də dövlət mühafizə orqanları tərəfindən həyata keçirilən aviasiya təhlükəsizliyi tədbirləri öyrənilib.
Eyni zamanda sərnişin axınının idarə olunmasında tətbiq edilən innovativ həllər, o cümlədən pasport və minik talonunun fiziki yoxlanışını aradan qaldıran tam avtomatlaşdırılmış biometrik keçid ekosistemi, sərnişin məxfiliyinin qorunmasını təmin edən birtərəfli “Bəli/Xeyr” məlumat mübadiləsi modeli, eləcə də sərhəd zonalarında istifadə olunan ikiqat qapaqlı təcrid sistemləri ilə tanışlıq olub.