Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə, “28 May Müstəqillik günü” ilə bağlı isə “Cümhuriyyətin 100 illiyi zirvəsi”nə təşkil edilmiş yürüşlər Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əməkdaşı mütəxəssis Samir İmanovun iştirak etdiyi qrup tərəfindən uğurla başa çatdırılmış və üzərində DMAA-nın loqosunu əks etdirən bayraq dalğalandırılmışdır.
Yürüş əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə mütəşəkkil qaydada və təhlükəsizlik qaydaları çərçivəsində alpinist qrupu tərəfindən həyata keçirilmişdir. Çətin relyefə və əlverişsiz hava şəraitinə baxmayaraq, qrup zirvəyə qalxmağa müvəffəq olmuşdur. Hər iki zirvəni də fəth edən qrup üzvləri tarixi anları fotolarla əbədiləşdirmişlər.
Qeyd edək ki, “Heydər zirvəsi” Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşir. Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən “Cümhuriyyətin 100 illiyi zirvəsi" isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında müvafiq sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə fəth edilərək “Cümhuriyyətin 100 illiyi zirvəsi” adlandırılmışdır.