Nəşrlər

Xəbərlər

“COVID-19” dövründə uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Qaydası təsdiq edilmişdir

Dövlət Mülki Aviasiya Agentliyi

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Kollegiyasının 2022-ci il 21 yanvar tarixli KQ-2/22 nömrəli Qərarı ilə “Koronavirus (COVID-19) pandemiyası dövründə aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Qaydası” (“Qayda”) təsdiq edilmişdir.

Həmin “Qayda” sənədi saytın “Qanunvericilik” xanasının “RİNN Kollegiya Qərarları” bölməsində yerləşdirilmişdir.

“Qayda” sənədinə əsasən, həyata keçirdiyi hər bir reys üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"ın (“Müvəqqəti qaydalar”) 2.1.3.1-ci və 2.1.3.2-ci yarımbəndlərində qeyd edilən sənədləri mövcud olmayan, eləcə də sənədləri “Müvəqqəti qaydalar”ın 2.1.3-cü yarımbəndinin tələblərinə cavab verməyən sərnişinlərinin sayı 3 (üç) və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi 3 (üç) reysin hər birində bu cür sərnişinləri olan aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən müvəqqəti dayandırılacaqdır.

Müvəqqəti dayandırılma müntəzəm və çarter uçuşlarını həyata keçirən aviadaşıyıcılar barəsində onların uçuş planı nəzərə alınmaqla, Qaydanın 6.1-ci bəndində qeyd edilən hallara ilk dəfə yol verildikdə 7 (yeddi) gün, növbəti dəfələrdə yol verildikdə isə 14 (on dörd) gün müddətində müəyyən edilir.

Əlavə olaraq diqqətinizə çatdırırıq ki, həmçinin sözügedən “Müvəqqəti qaydalar” saytın “Qanunvericilik” xanasının “AR NK-nın Qərar və Sərəncamları”, habelə, “COVID-19” bölməsində yerləşdirilmişdir.