Bakı, 10 sentyabr 2026-cı il
10 sentyabr 2026-cı ildə Bakıda “China Southern Airlines” şirkətinin Azərbaycan istiqamətində uçuşlarının 20 illiyinə həsr olunmuş “20 il birlikdə — yeni marşrutlara doğru” adlı tədbir keçirilib.
Tədbirdə Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Şahin Abbasov iştirak edib.
Tədbirdə həmçinin Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin, Azərbaycan Turizm Bürosunun, Azərbaycan Turizm Assosiasiyasının, Heydər Əliyev Beynəlxalq Aeroportununvə müvafiq dövlət qurumlarının nümayəndələri, Çin şirkətlərinin və agentliklərinin təmsilçiləri, habelə “Sinxua” və AZƏRTAC daxil olmaqla Çin və Azərbaycan media qurumlarının nümayəndələri iştirak ediblər.
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxışında iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın müxtəlif sahələrində yeni imkanların yarandığını qeyd edib. Səfir bildirib ki, Çin ilə Azərbaycan arasında aviasiya əməkdaşlığı genişlənir və bu, ticarət əlaqələrinin, eləcə də vətəndaşların qarşılıqlı səfərlərinin inkişafına xidmət edir.
Azərbaycan Turizm Bürosunun sədr müavini Teymur Süleymanzadə 2026-cı ilin Azərbaycanda “Çin Turizmi İli” elan olunduğunu bildirib və qurumun Azərbaycanın Çin bazarında tanınmasının artırılması istiqamətində apardığı işlər barədə məlumat verib.
Tədbirdə şirkətin Bakıdakı fəaliyyətinin inkişaf dinamikası diqqətə çatdırılıb. İlkin mərhələdə Bakı–Urumçi marşrutu üzrə həftədə bir reys yerinə yetirilib, illik sərnişin axını 30 min nəfərdən az olub. Sonrakı illərdə reyslərin tezliyi mərhələli şəkildə artırılıb, Urumçidəki beynəlxalq aviasiya qovşağı vasitəsilə Bakını Çinin iri şəhərləri ilə birləşdirən marşrut şəbəkəsi formalaşdırılıb.
Hazırda həftədə beş reys həyata keçirilir:
bazar ertəsi, çərşənbə və cümə günləri — Bakı–Urumçi–Quançjou;
çərşənbə axşamı və bazar günləri — Bakı–Urumçi–Pekin.
2026-cı ilin yanvar–avqust aylarında bu marşrutlar üzrə 292 reys yerinə yetirilib və 77 mindən çox sərnişin daşınıb. Şirkətin proqnozuna əsasən, cari ilin yekunlarına görə sərnişin sayının 90 min nəfəri ötəcəyi gözlənilir.
Tədbir çərçivəsində aviamarşrutların təqdimatı keçirilib, turizm və işgüzar səfərlərin genişləndirilməsi imkanları müzakirə olunub.