Nəşrlər

Xəbərlər

Beynəlxalq Mülki Aviasiya Təşkilatının 80 yaşı tamam olur

2024-cü il dekabrın 7-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən “Beynəlxalq mülki aviasiya haqqında” Konvensiyanın (Çikaqo Konvensiyası) imzalanmasının 80 illik yubileyi qeyd olunur.

1944-cü ildə Amerika Birləşmiş Ştatlarının dəvəti ilə 54 ölkənin nümayəndələri Çikaqo şəhərində “Stivens hotel”in Böyük ziyafət zalında toplaşmışdırlar. Həmin görüşdə 52 dövlətin təmsilçiləri daha çox Çikaqo Konvensiyası kimi tanınan “Beynəlxalq mülki aviasiya haqqında” Konvensiyanı imzalamışdırlar. Bu sənəd ümumdünya hava nəqliyyatı sisteminin standart və prosedurlarının əsasını qoymuşdur. Beləliklə, əsas məqsədi vahid aviasiya qayda, standart və prosedurlarının işlənib hazırlanması, həmçinin mülki aviasiyanın təhlükəsiz və səmərəli fəaliyyətinə nail olunmasında dövlətlərə dəstək göstərilməsindən ibarət olan təşkilat - ICAO yaradıldı.

Konvensiyanı imzalamış dövlətlərin səs çoxluğu ilə ICAO-nun daimi mənzil-qərargahının yerləşəcəyi şəhər qismində Kanadanın Monreal şəhəri seçilmişdir.

ICAO-nun ilk Prezidenti ABŞ təmsilçisi doktor Edvard Pirson Uorner olmuşdur. ICAO Assambleyasının 1947-ci ilin mayında keçirilmiş ilk sessiyasında Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə ICAO arasında münasibətlər barədə sazişi qüvvəyə mindirən protokolu imzalamaq tapşırılmışdı. Prezident Uorner protokolu 1947-ci il oktyabrın 3-də imzalamış və beləcə ICAO BMT-nin ixtisaslaşmış qurumuna çevrilmişdir.

Azərbaycan Respublikası 1992-ci il noyabrın 8-də ICAO-nun tamhüquqlu üzvü olmuşdur. 1995-ci ildən başlayaraq ölkəmizin mülki aviasiya nümayəndə heyəti ICAO Assambleyasının sessiyalarında iştirak edir. Hazırda Azərbaycan Respublikası mülki aviasiya sahəsində 26 Konvensiyaya və Protokola qoşulub.

2024-cü ildə ICAO və dünya aviasiya birliyi bu əlamətdar hadisəni bir sıra xüsusi tədbirlərin keçirilməsi ilə qeyd etmişdir. Çikaqo Konvensiyasının 80 illik yubileyi ilə əlaqədar  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA), DMAA-nın tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin və mülki aviasiya subyektlərinin fərqlənmiş əməkdaşlarına fəxri fərmanlar təqdim olunmuşdur.