9-11 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika Regionunun Ətraf mühit üzrə Hədəf Qrupunun iclası keçirilib. Üç gün davam edən tədbir ICAO-nun qlobal və regional ətraf mühit strategiyalarının müzakirəsinə həsr olunub.
İclas ətraf mühitin mühafizəsinə dair ICAO-nun Uzunmüddətli Arzu Olunan Məqsədlərə (LTAG) nail olmağa yönəlmiş proqramının həyata keçirilməsində dövlətlərə və digər maraqlı tərəflərə dəstək olmaq məqsədilə təcrübələri bölüşmək üçün forum rolunu oynayıb. İclasda həmçinin ICAO-nun Beynəlxalq Aviasiyada Karbon Emissiyalarının Kompensasiyası və Azaldılması Sxemi (CORSIA), Dayanıqlı Aviasiya Yanacağı (SAF) strategiyası və SAF bazarının inkişafına dair aktual məsələlər müzakirə olunub.
Görüş həm regional əməkdaşlığın genişləndirilməsinə, həm də aviasiyada ekoloji dayanıqlılığın təmin edilməsi üçün praktiki və elmi biliklərin mübadiləsinə mühüm töhfə verib.