Bakıda keçirilən “ICAO EUR ENV PT” müşavirəsinin əsas məqsədi Avropa dövlətlərində ICAO-nun ətraf mühitin mühafizəsi ilə bağlı gündəmdə olan məsələləri barədə məlumatların effektiv mübadiləsinin təmin olunması, aviasiya emissiyalarının azaldılması üzrə Dövlət Tədbirlər Planının hazırlanması və CORSIA (Carbon Offseting and Reduction Scheme for International Aviation) elementlərinin tətbiqinə yönəlmiş potensialın artırılmasından ibarət olmuşdur. Müşavirənin gündəliyinə beynəlxalq mülki aviasiyada emissiyaların azaldılması problemlərinin həlli ilə əlaqədar aktual məsələlər daxil edilmişdir.
Müşavirədə “Türk Hava Yolları” aviaşirkəti nümayəndəsinin “Yaşıl Hava Limanı” layihəsi ilə əlaqədar, həmçinin Dövlət Mülki Aviasiya Agentliyi mütəxəssislərinin “Havada hərəkətin təşkili prosedurlarında ekoloji effektivliyin qiymətləndirilməsi” barədə təqdimatlarıböyük maraq doğurub. Müşavirədə həmçinin aviasiyada alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi, tənzimləyici tədbirlərin həyata keçirilməsi, “Emissiyaların Azaldılması üzrə Tədbirlər Planı”nın hazırlanması ilə bağlı məsələlər regional və milli səviyyədə müzakirə olunub.
Müşavirədə ICAO-nun Avropada akkreditasiya edilmiş dövlətlərindən, beynəlxalq aviasiya qurumlarından olan ekspertlərlə yanaşı, Dövlət Mülki Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, “SilkWay Holding” MMC, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri də iştirak etmişlər.