Nəşrlər

Xəbərlər

Azərbaycanda ilk dəfə aviasiya təhlükəsizliyi üzrə təlimatçı ICAO sertifikatını əldə edib

Mübariz Nəriman oğlu Əliyev 28 ildən artıqdır ki, Azərbaycanın mülki aviasiya sistemində çalışır. O, hava limanının aviasiya təhlükəsizliyi xidmətində baxış üzrə agent qismində fəaliyyətə başlayıb, Dövlət Mülki Aviasiya Administrasiyasında, daha sonra isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində çalışıb və dövlət qulluğunda 15 ildən artıq iş stajına malikdir. 2013-cü ildən Aviasiya təhlükəsizliyi şöbəsinin müdiridir. M.Əliyev həmçinin Milli Aviasiya Akademiyasının baş müəllimi və aviasiya təhlükəsizliyi üzrə təlimatçısıdır.

 

Mübariz Əliyev respublikada Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) sertifikatına layiq görülmüş ilk və hələ ki, yeganə aviasiya təhlükəsizliyi üzrə təlimatçıdır. Belə ki, ICAO-nun Avropa/Şimali Atlantika Bürosu tərəfindən təşkil olunmuş aviasiya təhlükəsizliyi üzrə təlimatçıların sertifikatlaşdırılması sessiyalarında Azərbaycan bir neçə dəfə iştirak etsə də, təmsilçimiz ICAO-nun təlimatçısı statusuna ilk dəfə layiq görülüb.

 

M.Əliyev ICAO sertifikatını almaqla sözügedən təşkilatın layihələri çərçivəsində təlimlərin keçirilməsinə cəlb ediləcək.

 

Qeyd edək ki, bu beynəlxalq sertifikatın əldə olunması ilə Azərbaycanda mülki aviasiyanın təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlar tərəfindən sertifikatlaşdırılmış ekspertlərin sayı ikiyə çatıb.

 

2023-cü ilin aprelində Dövlət Mülki Aviasiya Agentliyinin digər nümayəndəsi Ramil Vahid oğlu Məmmədov 2011-ci ildə layiq görüldüyü Avropa Mülki Aviasiya Konfransının (ECAC) aviasiya təhlükəsizliyi üzrə sertifikatlaşdırılmış auditoru statusunu müvəffəqiyyətlə yeniləyib. R.Məmmədov nəinki Azərbaycanda, həmçinin SSRİ respublikalarında aviasiya təhlükəsizliyi üzrə hələ ki, yeganə Avropa auditorudur. Ramil Məmmədov 27 ilə yaxındır ki, Azərbaycanın mülki aviasiya sistemində çalışır. 2008-ci ildən Dövlət Mülki Aviasiya Administrasiyasında, daha sonra isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində müxtəlif rəhbər vəzifələrdə işləyib və aviasiya təhlükəsizliyi üzrə Milli Koordinatordur. 2023-cü ilin fevralında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Ramil Məmmədov həmçinin Milli Aviasiya Akademiyasının aviasiya təhlükəsizliyi üzrə təlimatçısıdır.

 

Qeyd edək ki, ICAO və ECAC-ın potensialının artırılması və kadr hazırlığı sahəsində fəaliyyətinə dəstək məqsədilə aviasiya təhlükəsizliyi üzrə sertifikatlaşdırılmış auditor və təlimatçıların dövlətlər tərəfindən təqdim olunması aviasiya təhlükəsizliyi üzrə qlobal və regional proqramların icrasına böyük töhfədir.