Nəşrlər

Xəbərlər

Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasına sertifikatlar təqdim olunmuşdur

15 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasına Agentliyin və Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) təsdiq sertifikatlarını təqdimetmə mərasimi baş tutmuşdur.  

 

Cari ilin 11-12 mart tarixlərində Agentliyin və DAK-ın ekspertləri tərəfindən Milli Aviasiya Akademiyasında birgə yoxlama təşkil olunmuşdur. Görülmüş işlərin nəticələrinin müsbət olduğunu nəzərə alaraq, Milli Aviasiya Akademiyasına məxsus NAA-001 Uyğunluq Sertifikatının qüvvədə olma müddətinin 2021-ci ilin 18 mart tarixindən etibarən 3 il müddətinə uzadılmasına qərar verilmişdir. Eyni zamanda DAK tərəfindən Milli Aviasiya Akademiyasına verilmiş 14 nömrəli Sertifikatın qüvvədə olma müddəti də uzadılmışdır.

 

Bir qədər əvvəl Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın qərarı ilə Milli Aviasiya Akademiyası beynəlxalq “Ali mülki aviasiya tədris müəssisəsi” sertifikatına layiq görülmüşdür. Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil ocaqları siyahısına daxil edilən Akademiya həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası tərəfindən təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması üzrə regional tədris mərkəzi statusuna layiq görülüb.