Nəşrlər

Xəbərlər

Azərbaycan Mülki Aviasiyaya Dair Beynalxalq Tədbirdə Təmsil Olunub

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) nümayəndə heyəti İtaliyanın Apuliya şəhərində keçirilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) Avropa və Şimali Atlantika Regional Ofisinə üzv dövlətlərin mülki aviasiya orqanları baş direktorlarının iclasında iştirak edib.

Nümayəndə heyətinin tərkibində DMAA-nın İdarə Heyəti sədrinin müavini Nazim Ziyadov və Hava nəqliyyatı departamentinin müdiri Samir Bağırov yer alıb.

İclasda Avropa hava məkanında uçuşların təhlükəsizliyi, dayanıqlı aviasiya yanacağının (SAF) tətbiqi, 7-ci Ümumdünya Hava Nəqliyyatı Konfransına və BMAT Şurasının fövqəladə sessiyasına hazırlıq, gənc mütəxəssislərin hazırlanması və gender bərabərliyi kimi bir sıra məsələlər müzakirə olunub.

BMAT-ın Avropa və Şimali Atlantika Regional Ofisinin direktoru Nikolas Rallo ilə görüşdə Azərbaycanla BMAT arasında əməkdaşlığın cari vəziyyəti və 2026-cı ilin dekabrında Bakıda keçiriləcək Avropa Aviasiya Sistemi Planlaşdırma Qrupunun 8-ci iclasına hazırlıq barədə fikir mübadiləsi aparılıb.