Nəşrlər

Xəbərlər

Azərbaycan hava limanlarına yeni məkan göstəriciləri (indeksləri) verilib

 

2020-ci il noyabrın 16-da Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycan Respublikasına məxsus altı hava limanının özünün məkan indeksləri siyahısına daxil olunmasını təsdiq edib.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin 2020-ci il 7 sentyabr tarixli sorğusuna cavab olaraq ICAO cari ilin dekabrında dərc olunması planlaşdırılan 7910/178 nömrəli Sənədin yenilənmiş nəşrinə müvafiq hava limanlarının ad və kodlarını daxil etmişdir. Xüsusilə əhəmiyyətlidir ki, ICAO-nun yeni reyestrinə “Zabrat”, “Yevlax” və “Naftalan” hava limanları ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdəki “Ağdam”, “Füzuli” və “Xankəndi” aerodromları da daxil ediləcəkdir.

Aerodromlara dair müvafiq məlumat Azərbaycan Respublikası Aeronaviqasiya Məlumatları Toplusunun yeni redaksiyasında da dərc ediləcək.