2021-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) fevralın 20-ni aviasiya qəzaları qurbanlarının və ailə üzvlərinin beynəlxalq anım günü elan etmişdir. Bu gün insanların həyatına son qoyan və yaxınlarının qəlbində dərin yaralar buraxan faciələr barədə mühüm bir xatırlatmadır. ICAO-nun təşəbbüsü təkcə həlak olanların xatirəsini ehtiramla yad etməyə yönəlməyib, o həm də bu cür hadisələrdən sonra fiziki, emosional və mənəvi çətinliklərlə üzləşən ailələrə dəstək verilməsinin zəruriliyinə diqqəti cəlb etmək məqsədi daşıyır. Hər il ICAO təyyarə qəzası qurbanlarının və onların yaxınlarının qəzadan sonra ehtiyac duyduqları yardım, resurslar və ən müasir və hərtərəfli məlumatla təminatlarını yaxşılaşdırmaq üzrə öhdəliklərini hökumətlərə və aviasiya sənayesinə xatırlatmaq üçün tədbirlər keçirir.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş vermiş faciə hava nəqliyyatı ilə bağlı risklər haqqında daha bir acı xatırlatmadır. Qəza ekipaj üzvləri və sərnişinlər də daxil olmaqla 38 nəfərin həyatına son qoysa da, pilotların və bort bələdçilərinin qəhrəmanlığı nəticəsində 29 nəfər xilas edilmişdir və bu, kritik vəziyyətlərdə peşəkarlığın və fədakarlığın vacibliyini vurğulayır.
Bu fəlakət aviasiyada təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi üçün stimul olmalıdır. ICAO və ona üzv ölkələr, o cümlədən Azərbaycan gələcəkdə oxşar hadisələrin qarşısının alınmasına yönəlmiş qanunvericilik təşəbbüslərinin irəli sürülməsi istiqamətində fəaliyyətini davam etdirir.