• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

2020-ci il avqustun 17-də mülki aviasiya işçilərinə dövlət təltifləri və fəxri adların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov və “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarını oxuduqdan sonra təltif olunan mütəxəssisləri təbrik etdilər, onlara mükafatları təqdim edərək gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Mülki aviasiya subyektlərinin fəaliyyəti üçün böyük çətinliklərə səbəb olmuş ciddi karantin tədbirləri şəraitində dövlət başçısının bu sahənin işçilərinə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb.

Qeyd edək ki, 2020-ci il iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mülki aviasiya sahəsində məhsuldar fəaliyyət göstərən işçilərin dövlət təltifləri və fəxri adlarla mükafatlandırılması haqqında müvafiq Sərəncamlar imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Əhməd oğlu Məmmədov Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Mütəttişliyinin kollektivləri rəhbərliyin təşəbbüsünü dəstəkləyərək, dünyada pandemiyanın yayılması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərə maliyyə yardımının göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşulmuşlar.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Agentliyin və Dövlət Mütəttişliyinin bütün işçilərinin rüblük mükafatlarından pul vəsaitləri köçürülmüşdür.
Bir müddət öncə məlumat verildiyi kimi, Agentliyin və Dövlət Mütəttişliyinin rəhbər heyətinin əməkhaqlarından sözügedən Fonda pul vəsaitləri ianə edilmişdir.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi və Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Mütəttişliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına qoşulmuşdur.

Ölkəmizdə “COVID-19” pandemiyasının qarşısının alınması ilə bağlı görülən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Agentliyin və Dövlət Mütəttişliyinin rəhbər heyətinin əməkhaqlarından pul vəsaitləri köçürülmüşdür.

19 mart 2020-ci il, Bakı – Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə bir çox dövlətlər arasında gediş-gəliş müvəqqəti olaraq dayandırıldığından Azərbaycan milli aviadaşıyıcı-AZAL vətəndaşlarımızın ölkəyə qayıdışını təmin etmək üçün müntəzəm çarter reyslərini həyata keçirməkdə davam edir.

Azərbaycan Hava Yolları (AZAL) bu günədək İstanbul, Ankara, Antalya, Moskva, Sankt-Peterburq, Roma və Budapeşt kimi şəhərlərə 12 çarter reysi həyata keçirərək 1743 Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib.

Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qaytarılması istiqamətində bütün zəruri tədbirlər görülməkdədir. Azərbaycan Hava Yollarının ekipaj üzvləri, aviakassa əməkdaşları daxil olmaqla bütün heyəti gücləndirilmiş iş rejimində çalışmaqda davam edir.

Dünyanın əksər dövlətlərinin üzləşdiyi hazırkı fövqəladə vəziyyətdə vətəndaşlarımızı bir daha təmkinli və anlayışlı olmağa çağırırıq. Bildiririk ki, ölkə daxilində COVİD-19 virusunun geniş yayılmasının qarşısının alınması üçün xüsusi rejimdə tədbirlər həyata keçirilir. Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçir, zərurət olduqda karantinə yerləşdirilir. Bu səbəbdən, vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir. Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir. Uçuşlar zamanı birinci növbədə Azərbaycana geri dönüş bileti olan vətəndaşlarımızın, yaşlı, azyaşlı uşağı olan və xəstəliyi ilə əlaqədar xaricdə olan şəxslərin qayıdışına üstünlük verilir.

Xaricdə olan digər vətəndaşlarımızdan Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlik və konsulluqlarında qeydiyyatdan keçmələri və geri dönüşləri üçün müəyyən olunan qrafiklərə ciddi əməl etmələri, bütün dünyanın uçuş sistemində yaranan fövqəladə vəziyyətdə nizam-intizam və vətəndaş məsuliyyəti nümayiş etdirmələri, ajiotaj və təxribat hallarına yol verməmələri tələb olunur.

Bir daha bildiririk ki, vətəndaşlarımızın Azərbaycana qaytarılması üçün çarter reyslərinin davamlılığı təmin ediləcəkdir.

2020-ci il fevralın 18-də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində dövlət qulluğuna qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

İşə qəbul olunmuş əməkdaşlar Azərbaycan Respublikasının Dövlət bayrağının altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla təntənəli şəraitdə and içdilər.

Mərasimdə çıxış edən Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov qeyd etdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti nəticəsində respublika mülki aviasiyasının tərəqqisi naminə çalışan savadlı mütəxəssislər kollektivini formalaşdırmaq mümkün olmuşdur.

And içən əməkdaşlar adından çıxış edən Nuridə Tanrıverdili dövlət qulluqçusu adını daim yüksək tutaraq öz vəzifələrini ləyaqətlə icra edəcəklərini bildirdi.

Mərasimin sonunda Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov dövlət qulluğuna qəbul olunmuş işçiləri təbrik edərək, Azərbaycan Respublikasında hava nəqliyyatının təhlükəsiz və səmərəli fəaliyyətinin təmin olunması ilə bağlı Agentlik qarşısında qoyulmuş vəzifələrin yerinə yetiriləcəyinə əmin olduğunu bildirdi.

2019-cu il yanvarın 24-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Ceyms Şarp arasında görüş keçirilib. Görüş Britaniya tərəfinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə göndərilmiş təklifi ilə baş tutub.

Görüş zamanı “Azərbaycan Hava Yolları” QSC tərəfindən elan edilmiş kommersiya “hava azadlığı” rejiminin tətbiqi məsələsinə qarşı tərəfin xahişi ilə aydınlıq gətirilib. Həmçinin Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra ölkələrimiz arasında müntəzəm uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunub. Azərbaycan tərəfi uçuşların 23 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında hava əlaqələri haqqında” Sazişə uyğun olaraq əvvəlki qaydada yerinə yetiriləcəyi barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hava nəqliyyatının fəaliyyət və inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən Arif Məmmədov ölkəmizdə mülki aviasiya sahəsində əldə olunmuş son nailiyyətlər və onun modernləşdirilməsi ilə bağlı planlar barədə məlumat verib.

Öz növbəsində, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Ceyms Şarp Agentlikdə görüşün təşkilinə görə öz minnətdarlığını bildirərək, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Vahid aviasiya məkanı haqqında Saziş layihəsinin razılaşdırılması məsələsini xüsusilə qeyd edib. Вununla əlaqədar Agentliyin mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

2019-cu il yanvarın 16-da Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində (DMAA) Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi əməkdaşlıq şöbəsinin birinci katibi Piter Kaufmanla görüş keçirilib. Görüş ABŞ tərəfinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə göndərilmiş təklifi ilə keçirilib.

Görüş zamanı cənab Kaufman ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası tərəfindən 2019-cu ilin avqust ayında Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyi üzrə keçirilmiş qiymətləndirmə missiyasının nəticələri üzrə hesabatı təqdim edib. Həmçinin “Azərbaycan Hava Yolları” QSC tərəfindən elan edilmiş kommersiya “hava azadlıqları” rejiminin tətbiqi məsələsinə ABŞ tərəfinin xahişi ilə aydınlıq gətirilib.

Görüşdə Azərbaycan tərəfdən DMAA Beynəlxalq əlaqələr şöbəsinin müdiri Samir Bağırov, DMAA yanında Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Mütəttişliyi püblik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Ramil Məmmədov, qarşı tərəfdən isə ABŞ-ın ölkəmizdəki Səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Yusif Abbasov iştirak edib.

2019-cu il ərzində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin əməkdaşları beynəlxalq mülki aviasiya təşkilatları və iqtisadi yönümlü idarəetmə institutları tərəfindən təşkil edilmiş seminarlarda və ixtisasartırma kurslarında 23 sertifikat, “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əməkdaşları isə 39 sertifikat əldə ediblər.

Əməkdaşların ixtisaslarının artırılması uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi, sertifikatlaşdırma, aeronaviqasiya, beynəlxalq aviasiya hüququ, təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması və maliyyə sahələrində keçirilib.

2019-cu il dekabrın 7-də “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın (“Çikaqo Konvensiyası”) imzalanmasının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) yaranmasının 75 illik yubileyi qeyd olunub.

1 -dən səhifə 15

Partner Websites