• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

30 Yanvar

Dövlət Mülki Aviasiya Agentliyində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüş keçirilib

2019-cu il yanvarın 24-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Ceyms Şarp arasında görüş keçirilib. Görüş Britaniya tərəfinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə göndərilmiş təklifi ilə baş tutub.

Görüş zamanı “Azərbaycan Hava Yolları” QSC tərəfindən elan edilmiş kommersiya “hava azadlığı” rejiminin tətbiqi məsələsinə qarşı tərəfin xahişi ilə aydınlıq gətirilib. Həmçinin Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra ölkələrimiz arasında müntəzəm uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunub. Azərbaycan tərəfi uçuşların 23 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında hava əlaqələri haqqında” Sazişə uyğun olaraq əvvəlki qaydada yerinə yetiriləcəyi barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hava nəqliyyatının fəaliyyət və inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən Arif Məmmədov ölkəmizdə mülki aviasiya sahəsində əldə olunmuş son nailiyyətlər və onun modernləşdirilməsi ilə bağlı planlar barədə məlumat verib.

Öz növbəsində, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Ceyms Şarp Agentlikdə görüşün təşkilinə görə öz minnətdarlığını bildirərək, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Vahid aviasiya məkanı haqqında Saziş layihəsinin razılaşdırılması məsələsini xüsusilə qeyd edib. Вununla əlaqədar Agentliyin mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Partner Websites