• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

12 Dekabr

Beynəlxalq Mülki Aviasiya Təşkilatının 75 yaşı tamam olur

2019-cu il dekabrın 7-də “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın (“Çikaqo Konvensiyası”) imzalanmasının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) yaranmasının 75 illik yubileyi qeyd olunub.

  1944-cü ildə Amerika Birləşmiş Ştatlarının dəvəti ilə 54 ölkənin nümayəndələri Çikaqo şəhərində “Stivens otel”in Böyük ziyafət zalında toplaşıblar. Həmin görüşdə 52 dövlətin təmsilçiləri daha çox “Çikaqo Konvensiyası” kimi tanınan “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nı imzalayıblar. Bu sənəd ümumdünya hava nəqliyyatı sisteminin standart və prosedurlarının əsasını qoyub. Təşkilatın əsas məqsədi vahid aviasiya qayda, standart və prosedurlarının işlənib hazırlanması, həmçinin mülki aviasiyanın təhlükəsiz və səmərəli fəaliyyətinə nail olunmasında dövlətlərə dəstək göstərilməsindən ibarətdir.
Konvensiyanı imzalamış dövlətlərin səs çoxluğu ilə İKAO-nun daimi mənzil-qərargahının yerləşəcəyi şəhər qismində Kanadanın Monreal şəhəri seçilib.
  İKAO-nun ilk Prezidenti ABŞ təmsilçisi doktor Edvard Pirson Uorner olub. İKAO Assambleyasının 1947-ci ilin mayında keçirilmiş ilk sessiyasında Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə İKAO arasında münasibətlər barədə sazişi qüvvəyə mindirən protokolu imzalamaq tapşırılmışdı. Prezident Uorner protokolu 1947-ci il oktyabrın 3-də imzalayıb və beləcə İKAO BMT-nin ixtisaslaşmış qurumuna çevrilib.

  İKAO-nun təşəkkülü dövründə ona 12 il rəhbərlik etmiş Edvard Pirson 1957-ci il aprelin 18-də istefaya gedib. Maraqlıdır ki, 1956-cı ildə hava nəqliyyatı sahəsində beynəlxalq əməkdaşlığın inkişafına görə Genuya şəhəri tərəfindən 7000 dollardan artıq məbləğdə Xristofor Kolumb mükafatına layiq görülən İKAO həmin məbləği özünün daimi mükafatının təsis edilməsinə sərf etmək qərarına gəlib. İKAO-nun ilk Prezidentinin adını daşıyan bu mükafat mülki aviasiyanın inkişafında xüsusi xidmətləri olan şəxslərə yaxud qurumlara verilir.

  Mükafata müxtəlif illərdə Əsəd Kotayt (İKAO Şurasında Livanın nümayəndəsi, İKAO-nun Baş katibi və İKAO Şurasının Prezidenti kimi uzaqgörənliklə rəhbərlik etdiyinə görə), Pyotr Balabuyev (“Antonov” tipli hava gəmilərinin bütün növləri üzrə nailiyyətlər qazanmış aviakonstruktor olduğuna görə), Dövlətlərarası Aviasiya Komitəsinin rəhbəri Tatyana Anodina (alim və tədqiqatçı kimi milli, regional və qlobal aeronaviqasiya vasitələrinin işlənib hazırlanmasına verdiyi böyük töhfəyə görə), ABŞ təmsilçisi, “Cepsen” şirkətinin banisi Elri B. Cepsen (beynəlxalq aviasiya və aeronaviqasiyanın təhlükəsiz inkişafına verdiyi töhfəyə görə), tanınmış aviakonstruktor və mühəndis İqor Sikorski (helikopterlərin layihələndirilməsində əldə etdiyi uğurlara görə) və digər görkəmli şəxsiyyətlər layiq görülüblər.

  Çikaqo Konvensiyasının müddəalarına uyğun olaraq İKAO Assambleyadan (üç ildə bir dəfə toplanaraq təşkilatın fəaliyyətini təhlil edir, yaxın illər üçün siyasəti müəyyən və təşkilatın üç illik büdcəsini qəbul edir), Şuradan (Assambleya tərəfindən üç il müddətinə seçilən rəhbər orqan, 36 dövlətin təmsilçilərindən ibarətdir) və Katiblikdən (beş idarədən təşkil olunub: Aeronaviqasiya, Avianəqliyyat, Texniki əməkdaşlıq, Hüquqi məsələlər və xarici əlaqələr, İnzibati idarə) ibarətdir. Təşkilatın əsas vəzifəli şəxsləri Şuranın Sədri və Baş katibdir. Təşkilatın başlıca məqsədi təhlükəsiz, səmərəli, iqtisadi cəhətdən dayanılqı və ekoloji baxımdan məsuliyyətli mülki aviasiyanın dəstəklənməsi üçün Beynəlxalq standartların və Tövsiyə olunan təcrübənin (SARPs) işlənib hazırlanmasıdır. SARPs Çikaqo Konvensiyasına əlavələr şəklində rəsmiləşdirilir və zərurət yarandıqca son elmi-texniki nailiyyətlərə uyğun olaraq yenidən nəzərdən keçirilir və dəyişdirilir. Hazırda 193 dövlət İKAO-nun üzvüdür.

  Azərbaycan Respublikası 1992-ci il noyabrın 8-də İKAO-nun tamhüquqlu üzvü olmuşdur. 1995-ci ildən başlayaraq ölkəmizin mülki aviasiya nümayəndə heyəti İKAO Assambleyasının sessiyalarında iştirak edir. Ümummilli lider Heydər Əliyevin İKAO Şurasının Prezidenti Əsəd Kotayt ilə 1999-cu ildə Bakıda baş tutmuş görüşü əlamətdar hadisə olmuşdur. Azərbaycan Respublikasının İKAO ilə məhsuldar əçəkdaşlığının əsasını qoyan bu görüş dövlətimizin mülki aviasiya sahəsində beynəlxalq konvensiyalara qoşulmasını sürətləndirmişdir. Hazırda Azərbaycan Respublikası mülki aviasiya sahəsində 25 Konvensiyaya və Protokola qoşulub.

  Ötən 27 il ərzində Azərbaycanın mülki aviasiyası böyük uğurlara imza atıb. Respublika aviaşirkətlərinin hava donanması sovet istehsalı olan köhnəlmiş təyyarələr əvəzinə Qərbin aparıcı aviasiya texnikası istehsalçılarının yeni hava gəmilləri ilə - “Boinq-757, 767, 787 (“Drimlayner”)”, “Aerobus-319, 320, 340”, “Embraer-190, 170” tipli sərnişin, “Boinq-747” yük hava gəmiləri ilə təchiz olunub. Altı beynəlxalq hava limanı yenidən qurularaq istismara verilib. 2014-cü ilin aprelində Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı baş tutub. MDB məkanında ən yaxşı hava limanı elan edilən Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky trax” şirkəti tərəfindən 5-ulduzlu hava limanı statusuna layiq görülüb. Hazırda 30 xarici və 4 milli aviaşirkət 58 istiqamət üzrə beynəlxalq müntəzəm sərnişin və yük reyslərini yerinə yetirir.

  2015-ci ildə İKAO Şurasının fəaliyyətdə olan Prezidenti Olumuiva Benard Aliunun Bakıya səfəri Azərbaycan Respublikası ilə İKAO arasındakı münasibətlərin inkişafına təkan vermişdir. İKAO rəhbərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü təşkilatın ölkəmizin mülki aviasiya qurumu ilə birgə fəaliyyətinə böyük təsir göstərməklə, uçuşların təhlükəsizliyinə dair yeni tələblərin tətbiqi üçün İKAO-nun imkanlarından faydalanmağa, İKAO-nun Avropa/Şimali Atlantika Bürosu ilə birbaşa əməkdaşlığın inkişafına imkan verib. Həmin Büro Azərbaycan Respublikasının mülki aviasiya mütəxəssislərinin hazırlanması və əlaqələndirilməsində ölkəmizə ciddi texniki dəstək göstərib.

  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” və “Uçuşların təhlükəsizliyi üzrə Dövlət Proqramı” təsdiq edilib, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi yaradılıb, “Aviasiya haqqında” Qanunun yeni layihəsi üzərində iş aparılır. Bu fəaliyyətin nəticəsi olaraq ABŞ-ın Federal Aviasiya Administrasiyası tərəfindən Azərbaycan Respublikasına uçuşların təhlükəsizliyinin təmin olunmasına nəzarət sahəsində “1-ci kateqoriya” verilərək daha sonra təsdiq edilib. Həmçinin uçuşların təhlükəsizliyinin təmin edilməsində, eləcə də İKAO-nun Standartları və Tövsiyə olunan təcrübəsinin tətbiqinin səmərəliliyinin artırılmasında əhəmiyyətli nailiyyətlərə görə İKAO Şurası Prezidentinin Sertifikatı təqdim edilib.

  2019-cu ildə İKAO və dünya aviasiya birliyi bu əlamətdar hadisəni bir sıra xüsusi tədbirlərin keçirilməsi ilə qeyd edib. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərnarka” MMC tərəfindən İKAO-nun yaranmasının 75 illiyi münasibətilə poçt markası buraxılıb. Poçt markasının və zərfinin buraxılması barədə məlumat İKAO portalının “İKAO-nun poçt tarixi” adlı xüsusi səhifəsində yerləşdirilib. Heydər Əliyev Beynəlxalq Aeroportunda İKAO-nun bayrağı yüksəldilib, respublika mətbuatında 7 dekabr - Beynəlxalq Mülki Aviasiya Günü münasibətilə məqalə dərc olunub. “Azərbaycan Hava Yolları” QSC isə 2 aviabiletin əldə edilməsi ilə bağlı müsabiqə elan edib. Milli Aviasiya Akademiyası və Dövlət Mülki Aviasiya Agentliyində təntənəli tədbirlər keçirilərək fərqlənmiş əməkdaşlara medallar və fəxri fərmanlar təqdim olunub.

SCAA-3

SCAA-4

NAA-1

Azerbaijan-ICAO75 envelope

Azerbaijan-ICAO 75 postcard

SCAA-1

Partner Websites