• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

22 Oktyabr

Azərbaycan Respublikasına İKAO Şurası Prezidentinin Şəhadətnaməsi təqdim edilib

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO) Assambleyasının 40-cı yubiley Sessiyasında Azərbaycan Respublikasına “Heç bir ölkə diqqətdən kənarda qalmayacaq” təşəbbüsü çərçivəsində İKAO Şurası Prezidentinin Şəhadətnaməsi təqdim edilib. Şuranın Prezidenti cənab Olumuiva Benard Aliu 2018-ci ildə uçuşların təhlükəsizliyinə nəzarətin təmin edilməsində, eləcə də İKAO Standartlarının və Tövsiyə olunan təcrübəsinin daha effektiv tətbiqində Azərbaycan mülki aviasiyasının yüksək nailiyyətlərini qeyd edib. Mərasimdə İKAO-ya üzv olan 193 dövlətdən 16-sı Şəhadətnaməyə layiq görülüb.

2019-cu ilin 24 sentyabr-04 oktyabr tarixlərində təşkilatın Monrealdakı (Kanada) mənzil-qərargahında keçirilmiş Assambleyanın Sessiyasında İKAO-ya üzv olan 184 dövlətdən və 70 beynəlxalq təşkilatdan ümumilikdə 2600-dən çox iştirakçı qatılıb.
Üç ildə bir dəfə keçirilən Sessiyada beynəlxalq mülki aviasiyanın fəaliyyətinin cari məsələləri və onun ən yaxın perspektivdə inkişaf istiqamətləri müzakirə olunub. “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın (Çikaqo Konvensiyası) imzalanmasının və İKAO-nun yaranmasının 75 illiyinə həsr edilmiş builki Sessiya yubiley tədbiri kimi yadda qalıb.
Assambleyanın Sessiyasında həmçinin İKAO Şurasının üç il müddətinə yeni tərkibi seçilib.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Assambleyanın işində iştirak edib.
Assambleyanın İcra Komitəsinin iclasında nümayəndə heyətimizin beynəlxalq standartlara uyğunluq faizinin bütün dövlətlərdə daha da yüksəltmək məqsədilə müzakirəyə çıxardığı “WP-088” - İşçi sənəd” Qara Dəniz-Xəzər Qrupunun (BSCG) bir sıra dövlətlərinin dəstəyi ilə yekdilliklə qəbul edilib. Sənədin müddəaları İcra Komitəsinin yekun hesabatına daxil edilərək Assambleyanın Plenar iclasında təsdiqlənib. Nümayəndə heyətimiz Ukrayna tərəfindən təqdim edilən mülki aviasiya idarələrinin fəaliyyətinin maliyyələşdirilməsi, həmçinin hava gəmilərində sərnişinlərin təhlükəsizliyinin artırlması ilə bağlı Moldova Respublikasının təqdim etdiyi İşçi sənədləri dəstəkləyib.
Nümayəndə heyətimiz İKAO Şurasının Prezidenti və Baş katibi ilə keçirdiyi görüşlərdə təşkilatin 75 illiyinə həsr olunmuş poçt markasını onlara təqdim edib. Həmin marka Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən IKAO yubileyinin keçirilməsi ilə bağlı 2019-cu il üçün Tədbirlər planına uyğun olaraq buraxılıb. Eyni zamanda IKAO-nun 75 illiyi münasibətilə təsis edilmiş xatirə medalı nümayəndə heyətimizə təqdim olunub.
Azərbaycan nümayəndə heyəti həmçinin Aviasiya məsələləri üzrə beşinci dünya forumunda (IWAF-2019) iştirak edib. “Aviasiyada innovasiyalar” mövzusunda keçirilən tədbirin işində iştirak üçün İKAO-nun üzv-dövlətlərinin aviasiya administrasiyaları, eləcə də mülki aviasiya və maliyyə sahələrində fəaliyyət göstərən əsas tərəfdaşlar dəvət olunmuşdu. Nümayəndə heyətimiz İKAO tərəfindən keçirilən mülki aviasiya sahəsində nailiyyətlər sərgisi ilə tanış olub.

22-10-2019-ICAO-Certificate

22-10-2019-ICAO-Certificate

22-10-2019-ICAO-Certificate

22-10-2019-ICAO-Certificate

22-10-2019-ICAO-Certificate

22-10-2019-ICAO-Certificate

22-10-2019-ICAO-Certificate


İKAO barədə qısa məlumat

Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan İKAO bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlı inkişafına yardım məqsədilə 1944-cü ildə təsis edilib. İKAO uçuşların təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin, səmərəliliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün zəruri olan standartları və qaydaları müəyyən edir. Hazırda təşkilata 193 üzv-dövlət daxildir. Azərbaycan Respublikası 1992-ci ildən İKAO-nun üzvüdür.

Qara Dəniz-Xəzər Qrupu (BSCG) barədə qısa məlumat

Qara Dəniz-Xəzər Qrupu (BSCG) Azərbaycan, Gürcüstan, Moldova, Türkiyə və Ukrayna tərəfindən öz maraqlarının İKAO Şurasında təmsil olunması məqsədilə təsis edilib. 2016-cı ildə Assambleyanın 39-cu Sessiyasında Türkiyə Respublikası üç il müddətinə sözügedən Qrupdan İKAO Şurasına seçilib. Azərbaycan Respublikası 2017-ci ildə rəsmən Qrupa daxil olub.

İKAO-nun “Heç bir ölkə diqqətdən kənarda qalmayacaq” təşəbbüsü

Partner Websites