• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

24 Aprel

"Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları" təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2012-ci il tarixli 613 nömrəli Fərmanı ilə "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları" təsdiq edilib.

Sözügedən sənədlər Azərbaycan Respublikasının "Aviasiya haqqında" Qanununun 43.1-ci maddəsinin tələbinə əsasən, mülki aviasiya sahəsində beynəlxalq standartlar və tövsiyə olunan təcrübə nəzərə alınmaqla hazırlanıb.

Beynəlxalq terrorizmə qarşı amansız mübarizə xəttini götürmüş Azərbaycan Respublikasının siyasətinə tam cavab verən Dövlət Proqramı və Qaydalar mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması, sərnişinlərin həyat və sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hər iki sənəddə mülki aviasiya aeroportlarının, hava gəmilərinin və digər obyektlərin mühafizəsi, ekipaj üzvlərinin, xidməti personalın və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, hava gəmilərinin zəbt edilməsi və qaçırılması cəhdlərinin qarşısının alınması, təhlükə mənbələrinin müəyyən edilməsi yolu ilə şəxslərə və əmlaka zərərin vurulması riskinin minimuma endirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlər nəzərdə tutulub.

Sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi dövlətin prioritet vəzifələrindən biri olduğundan, "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları" aviasiya təhlükəsizliyinin, o cümlədən uçuşların təhlükəsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına yönəlmiş strateji məqsədləri müəyyən edir.

Partner Websites