HAQQIMIZDA

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb və mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Administrasiya işçilərinin ümumi say tərkibi 49 ştat vahidi təşkil edir. Administrasiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Administrasiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor və onun iki müavini rəhbərlik edir. Hazırda Administrasiyanın direktoru Arif Əhməd oğlu Məmmədovdur.

 

Administrasiya beş şöbədən ibarətdir:

  • Uçuşların təhlükəsizliyinə nəzarət şöbəsi;
  • Aviasiya təhlükəsizliyi şöbəsi;
  • Lisenziyalaşdırma və reyestrlərin aparılması şöbəsi;
  • Xarici əlaqələr şöbəsi;
  • Maliyyə-iqtisadiyyat şöbəsi.

Administrasiyada direktordan, onun müavinlərindən və Administrasiya aparatının struktur bölmələrinin rəhbərlərindən ibarət kollegiya, həmçinin Administrasiya nəzdində Ali ixtisas komissiyası və Azərbaycan Respublikasında mülki aviasiya subyektlərinin sertifikatlaşdırılması və lisenziyalaşdırılması üzrə komissiya fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə”yə uyğun olaraq Administrasiya aşağıdakı əsas vəzifələri yerinə yetirir:

  • mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin və hava gəmiləri tərəfindən ətraf mühitin mühafizəsinin təmin edilməsinə nəzarət edir;
  • öz səlahiyyətləri daxilində normativ tənzimləməni həyata keçirir;
  • mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir;
  • beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq, onların işində iştirak edir, həmçinin xarici ölkələrinAviasiya Administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir;
  • mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini həyata keçirir;
  • aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını həyata keçirir;
  • hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlkanmasında iştirak edir;
  • xarici dövlətlərin hava gəmilərinə Azərbaycan Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr verir;
  • Azərbaycan Respublikası mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını həyata keçirir;
  • aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırır;
  • mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin (qəzalarının) araşdırılmasında iştirak edir;
  • mülki aviasiya sahəsinə dair qanunvericilik aktlarının layihələrinə dair rəy verir;
  • mülki aviasiya sahəsinə aid olan beynəlxalq müqavilələrə qoşulmaq; hava limanlarının, aerodromların, vertodromların və dövlət əhəmiyyətli digər mülki aviasiya obyektlərinin tikintisi, mülki hava limanlarının, aerodromların, vertodromların beynəlxalq uçuşlar üçün açılması (bağlanılması) barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir.
More in this category: Rəhbərlik »

Partner Websites