28 İyul

Şərq Tərəfdaşlığı və Orta Asiya dövlətlərinin aviasiya administrasiyalarının dəstəklənməsi üzrə işçi qrupun Kiyev şəhərində ikinci müşavirəsi keçirilib

2017-ci ilin 18 iyul tarixində Kiyev şəhərində Şərq Tərəfdaşlığı və Orta Asiya dövlətlərinin (EASA/EaP) aviasiya administrasiyalarının dəstəklənməsi üzrə işçi qrupun ikinci müşavirəsi keçirilib. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti görüşdə iştirak edib.

İşçi qrupun ilk müşavirəsi ötən ilin iyulunda Kişinyov şəhərində keçirilib. Avropa Şurası tərəfindən maliyyələşdirilən bu layihə 4 il üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi mülki aviasiya administrasiyasının sabit sisteminin təmin olunmasında iştirakçı dövlətlərin aviasiya hakimiyyətlərinə yardım göstərilməsi, həmçinin qaydaların uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi sahəsində Avropa standartlarına uyğunlaşdırılmasından ibarətdir. Layihə həmçinin yük və poçtun aviasiya təhlükəsizliyi komponentini ehtiva edir.

Müşavirədə ötən dövr ərzində görülmüş işlər barədə məlumat verilmiş, proqram çərçivəsində növbəti addımlar müzakirə edilmiş, EASAkomandası tərəfindən hər bir iştirakçı dövlət üçün hazırlanmış treninq layihələri nəzərdən keçirilmişdir.

Diskussiyaların gedişində dövlətlərin milli qanunvericiliyinin Avropa qanunlarına uyğunlaşdırılması, Qərb və Şərq aviasiya texnikasının birgə istismarına icazə verən qaydaların, pilotsuz uçan aparatların (dronların) qeydiyyat və əməliyyatlarını tənzimləyən təlimatların hazırlanması, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuşların təhlükəsizliyinin təmin olunmasının yoxlanılması üzrə universal proqramı çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı iştirakçılar arasında informasiya və təcrübə mübadiləsinin aparılmasının zəruriliyinə diqqət yetirilib. 

Partner Websites